پنجشنبه, اسفند ۱۰, ۱۴۰۲

İmza

Sonayda Qaraçuxanın Avavası

İmza
MAHMİZƏR MEHDİBƏYOVA

MAHMİZƏR MEHDİBƏYOVA – NASİR MƏNZURİNİN “QARAÇUXA” ROMANINDA

قاراچوخا

 

MAHMİZƏR MEHDİBƏYOVA

NASİR MƏNZURİNİN “QARAÇUXA” ROMANINDA

Həyat  Həqiqəti

İranda 1979-cu ildə baş vermiş islam inqilabından sonra ictimai-siyasi atmosferin nisbətən ilıqlaşmasının nəticəsi olaraq Güney Azərbaycanda anadilli mətbuatın intişar tapması, Azərbaycan türkcəsində ədəbiyyatın çoxalması ilə müşayiət olunan ədəbi proses, Güney Azərbaycanın nəsrini də daha dərindən və yeni təfəkkür işığında dəyərləndirməyə imkan verdi.

Uzun əsrlər boyu Yaxın və Orta Şərq ədəbiyyatlarının ayrılmaz tərkib hissəsi olmuş Azərbaycan ədəbiyyatı əsas etibarilə bu ədəbiyyatlarda mövcud olan janrlardan istifadə yolu ilə zəngin ədəbi-mədəni irs yaratmışdır. «Doğrudur, əsrlər boyunca Azərbaycanda və ümumiyyətlə Şərq ölkələrində bir ənənə olaraq ancaq şeir yazmaq və divan bağlamaq hünər sayılmış, ancaq şeirə və şairə yüksək qiymət verilmiş, nəsrə isə əsl ədəbiyyat kimi baxılmamışdır. Eləcə də qədim və orta əsrlər ədəbiyyatımızda öz yaradıcılıq taleyini bütünlüklə bu janr ilə bağlayan, onu özünə əsl yaradıcılıq yolu seçən, onunla ardıcıl və sistematik məşğul olan yazıçımız olmamışdır.» (Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, s. 4, 236 s.)

Eyni sözlər Azərbaycanın istər Şimalında, istərsə də Cənubunda gedən ədəbi prosesə bərabər dərəcədə aid edilə bilər. Buna görə də çağdaş Cənubi Azərbaycan nəsrinin janr tipologiyasından danışarkən örnək və analogiya olaraq ilk növbədə çağdaş Qərb ədəbiyyatlarında işlək olan janrlar və onların forma və məzmun əlamətləri göz önündə tutulmalıdır.

Aydındır ki, 1828-ci ildən sonra Azərbaycanda vahid ədəbi proses müəyyən mənada bölünərək iki məcrada inkişaf etməyə başladı. Şimalda yaşayıb yaradan sənətkarlarımız üzlərini əsasən rus və Qərbi Avropa ədəbiyyatına tutdularsa, Cənubda hələ də divan şeiri ənənələri aparıcı mövqeyini saxlamaqda idi. Lakin ümumilikdə İran ədəbiyyatına da qabaqcıl Avropa ədəbiyatının epik janrları təsir göstərməyə bilmirdi. Tədqiqatçılar bunu çox zaman birbaşa təsir kimi deyil, Şimali Azərbaycan ədəbiyyatının qabaqcıl nümayəndələrinin təsiri kimi qiymətləndirirlər.

Yeni İran nəsrinin janrlarının birbaşa Avropa ədəbiyyatının təsiri və əlaqələri nəticəsində deyil, bu iki qaynaq vasitəsilə gerçəkləşdiyini göstərən alim sonda bu qənaətə gəlir ki, Qərb ədəbiyyatı İran oxucusuna istər məsafə, istərsə də ruh etibarilə o qədər də yaxın olmadığından, onlar dolayısı qaynaqlardan istifadə etmişlər.

XX yüzilliyin son səksən ili bütün dünyada olduğu kimi, Güney Azərbaycanda da bir sıra taleyüklü hadisələrin baş verməsilə xarakterizə olunur. XIX əsrin ilk çərəyində İran feodal-şahlıq rejiminin və Rusiya imperialistlərinin qanlı çəkişmə meydanına çevrilmiş Azərbaycanın 1828-ci ildə iki yerə parçalanması ilə ölkədə uzun əsrlər boyunca gedən bütöv ədəbi proses xeyli dərəcədə bir-birindən təcrid olunaraq hər biri öz məcrası və təsir mexanizmləri ilə davam etməyə başladı. XIX əsrin sonu – XX əsrə qədər bütövlükdə o qədər də zəngin nəsr ənənələrinə malik olmayan Azərbaycan ədəbiyyatında bu janrın inkişafı Quzeydə rus və Avropa nəsri ilə bağlı oldusa, Güneydə daha çox farsdilli İran nəsrinin ənənələrinə meyl etdi.

Fars dilində qələmə alınmış və təkcə Azərbaycanın deyil, bütövlükdə o zamankı İran cəmiyyətinin problemlərinin əsasən didaktik yöndə bədii inikasına və ağrılı məsələlərin həlli yollarının göstərilməsinə yönəlmiş Marağalı Zeynəlabidin və Mirzə Əbdürrəhim Talıbov kimi böyük yazıçıların nəsri  özündən sonrakı Azərbaycan nəsrini və proqressiv yönümlü ədəbiyyatını məzmun və məna siqləti baxımından zənginləşdirsə də, bu, hələ sırf Azərbaycan nəsri hesab edilə bilməzdi. Həqiqi mənada Güney Azərbaycan nəsrinin meydana çıxması və formalaşaraq öz xarakterik xüsusiyyətlərinə yiyələnməsi yalnız XX yüzilliyin ortalarına, daha dəqiq desək, İkinci dünya müharibəsi illərinə təsadüf edir.

İranın orta əsrlər sxolastikasından xilas edilməsi prosesinin başlanğıcı XX yüzilliyin əvvəllərində məhz Güney Azərbaycanda şimallı qardaşlarının mənəvi-mədəni təsiri altında yetişən proqressiv qüvvələr tərəfindən qoyulmuşdur. 1908-1909-cu illərdə Səttarxanın başçılığı altında bütün İranı lərzəyə gətirmiş milli azadlıq və məşrutə hərəkatı, ۱۹۲۰-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi və qısa müddətli uğur qazanmış milli azadlıq və müstəqillik hərəkatı və bir çox başqa xalq hərəkatları bunun əyani sübutudur. Xəyanət və hiyləgərlik yolu ilə qan içində boğulan bu hərəkat və üsyanlar uzun müddət qorxu və psixoz toxumları səpsə də, xalqın azadlıq və müstəqillik uğrunda mübarizə iradəsini qıra bilməmiş, yaddaşlarda yaşamış, sonrakı illərdə bir çox bədii əsərlərin, o sıradan epik vüsətli nəsr əsərlərinin sevimli mövzusuna, xalq yaddaşının ayrılmaz parçasına çevrilmişdir.

Yaranma məkanına görə XX əsr Güney Azərbaycan nəsrini iki böyük qrupa ayırmaq olar: Güney Azərbaycanın öz ərazisində və ya İranın başqa şəhərlərində azərbaycanlı yazıçıların yaradıcılığında meydana çıxan nəsr və mühacirət nəsri. Dil baxımından isə nəzərdən keçirilən hər iki qrup ikidilli olub, həm Azərbaycan, həm də fars dillərindən istifadə etməklə ərsəyə gəlmişdir. Bununla yanaşı, köməkçi qrup kimi bir də Şimali Azərbaycanda yerli müəlliflər tərəfindən Güney mövzusunda yaradılmış nəsr örnəklərini fərqləndirmək olar.

Cənubi Azərbaycan ərazisində əsasən ana dilində formalaşan nəsrin ilk örnəkləri 1941-ci ildən Təbrizdə nəşrə başlayan «Vətən yolunda» və «Azərbaycan» qəzetlərində çap olunmağa başlamışdır. Uzun əsrlər boyu boğulan, ədəbiyyat səhnəsindən və ziyalı mühitindən sıxışdırılan, yalnız el-oba, doğma ocaq, kənd-kəsək, ailə mühitində, şifahi xalq ədəbiyyatı örnəklərində sevilə-sevilə qorunub saxlanan ana dilinə marağın bu dövrdə kəskin şəkildə artması çox təbii və qanunauyğundur. Bu illərdə yazılan və nəşr olunan nəsr örnəklərində xalq dilinin təkraredilməz şirinliyi ilə yanaşı, Şimalda artıq xeyli inkişaf edərək formalaşmış və öz milli simasını qazanmış nəsr dilindən və ədəbi-bədii üslubundan da böyük dərəcədə bəhrələnmə nəzərə çarpır. Bu təsirlənməni, şübhəsiz ki, tematik baxımdan da aşkara çıxarmaq mümkündür. Xüsusən 1941-1946-cı illərdə Sovet ordusu hissələri Təbrizdə olarkən bilvasitə sovet ideologiyasının təsiri altında nəşr olunan «Azərbaycan», «Azad millət», «Vətən yolunda» və başqa qəzet və jurnallarda xilaskar sovet əskəri obrazı, bütün dünyaya nur saçan sovet bolşevik ideologiyası, bütün dünyanın sinfi və milli zülm altında əzilən xalqlarına azadlıq və müstəqillik bəxş etmək missiyasını öz üzərinə götürmüş «Qızıl Moskva» obrazı bu nəşrlərdə işıq üzü görən nəsr örnəklərində aparıcı yer tuturdu. Ancaq aydındır ki, bu, çox vaxt zahiri qabıq, pərdə rolunu oynayır, dərin qatlarda isə milli azadlıq, milli qürur, qəhrəman keçmişlə fəxr etmək ideyaları özünü büruzə verirdi.

Taleyi Azərbaycan Demokratik Cümhuriyyətinin taleyinə çox bənzəyən, ancaq ondan daha qısamüddətli və faciəli sonluğu ilə fərqlənən Cənubi Azərbaycan Milli Hökumətinin süqutu Azərbaycan xalqının yaşadığı ən böyük müsibətlərdən biri kimi tariximizin əbədi qara və qanlı səhifələri sırasında qalacaqdır. Stalin rejiminin erməni əlaltılarının fitvası və iştirakı ilə xaincəsinə fars şovinizminin qanlı pəncələrinə həvalə edilən Cənubi Azərbaycan Milli Hökumətinin taleyi erməni xəyanətkarlığı və rus şovinizminin birləşməsi nəticəsində işğal edilmiş iyirmi faiz Azərbaycan torpaqlarının taleyindən, bu torpaqlardan qaçqın düşmüş bir milyondan artıq vətəndaşlarımızın taleyindən o qədər də fərqlənmir.

۱۹۴۶-cı ilin noyabr-dekabr aylarında İranın o vaxtkı baş naziri Qəvamüssəltənənin məkrli fitnə-fəsadları və Stalinin türklərə qarşı xəyanətkarlığı, eləcə də beynəlxalq xristian imperializminin cinayətkarcasına razılığı əsasında Cənubi Azərbaycanda Milli Hökumət qan içində boğuldu, xalqın təzə-təzə çiçək açmağa başlayan arzuları, sürətli inkişaf yoluna qədəm qoymuş ədəbiyyat və mədəniyyət kobud sərbaz çəkmələri altında tapdalandı, yerlə yeksan edildi. Türklərin qanını içməyə hazır olan və bunu xüsusi amansızlıqla həyata keçirən atası Rza şahdan heç də geri qalmayan Məhəmməd Rza Pəhləvi Cənubi Azərbaycan xalqına qarşı milli-mədəni soyqırımı siyasətini davam etdirməyə başladı. «Həbs edilənlər, sürgünə göndərilənlər, ölümə məhkum edilənlər, vətəndən didərgin salınanlar sırasında nasirlər də var idi. Bütün bunlar isə janrın inkişafına ağır zərbə vurmaya bilməzdi.» (Əmirov S. s. 104)

Bu dövrdə Güneydə yandırılmış gur nəsr məşələindən bir neçə işıqlı şam zəhərli küləklərdən qorunaraq Bakıya gələ bildi və Azərbaycanın ikinci paytaxtında mühacir nəsri Güney nəsrinin ənənələrini yaşadıb inkişaf etdirməyə başladı.

Beləliklə, Cənubi Azərbaycan ədəbiyyatında uzun müddət davam edən irtica durğunluğu dövrü başlandı. Bu illərdə şah rejiminin bütün dəhşətli təqib və repressiyalarına rəğmən ədəbi proses çətinliklə də olsa davam edir, O. Nabdil, S. Behrəngi, G. Səbahi, M. Savalan, A. Bariz, M. Qaflantı, Ə. Kəmali, V. Dəstpiş, H. Düzgün (Sədiq), Türkoğlu, Y. Şeyda, M. Dəstpiş, Çayoğlu və başqa patriot sənətkarlar minillər öncə yandırılmış ədəbiyyat məşəlini sərt küləklərdən qorumaq və onun közünü-qorunu saxlamaq üçün qeyri-adi zəhmətlər çəkməli olurdular.

Əlbəttə, onu da nəzərdən qaçırmaq olmaz ki, Cənubi Azərbaycanda milli hökumətin qurulması bir çox məsələlərdə bolşevik ideologiyasının tələbləlri ilə səsləşirdi və patriot soydaşlarımız arasında bu ideologiyanın toruna düşənlər də az deyildi. Lakin o da obyektiv həqiqətdir ki, Cənubi Azərbaycan Milli Hökumətinin mövcudluğu bir çox cəhətdən xalqın birləşməsi və bütövlüyü yolunda meydana çıxan əngəllərin aşırılmasına, milli-mədəni yüksəlişin hər iki tərəfdə sürətlənməsinə səbəb ola bilərdi. Əlbəttə, məsələnin bu tərəfi daha çox çağdaş Azərbaycan tarixşünaslığının araşdırma obyekti olduğundan, yalnız bu qeydlərlə kifayətlənməli oluruq.

İrtica illərində yazıb yaradan Güney Azərbaycan nasirlərindən bir qrupu əsərlərini, İranda daha geniş xalq kütlələrinin malına çevrimək, onların praktik təsir qüvvəsini daha da artırmaq üçün fars dilində qələmə almışlar. Bunların arasında hər ikisi fars dilində yazıb yaradan Qulamhüseyn Saedi və Səməd Behrəngi kimi dünya şöhrətli yazıçılarımızın adlarını xüsusi qeyd etmək lazımdır.

Keçən yüzilliyin altmışıncı illərində ümumilikdə dünya ədəbiyyatlarında gedən qlobal dəyişmə və yeniləşmə prosesindən Güney Azərbaycan nəsri də kənarda qalmadı. Nəsrdə Güney Azərbaycan «altmışıncılarının» ən böyük nümayəndələrindən biri – Səməd Behrəngidir.

İlk dövrlərdə inqilabi proseslərin kəskin demokratik və antişovinist xarakter daşıması nəticəsində İranda minillərdən bəri yaşayan, şahlıq rejimi tərəfindən mədəni-mənəvi, milli hüquqları tapdalanan bir çox xalqların qabaqcıl proqressiv ruhlu ziyalılarının öz mədəniyyətlərinə və ədəbiyyatlarına xidmət etmələri üçün böyük imkanlar yaratdı. Təbii ki, Cənubi Azərbaycan ziyalıları və ilk növbədə ədəbiyyat və sənət xadimləri bu tarixi imkandan istifadə etməyə tələsdilər. Tam bir qərinə qadağan edilmiş ana dilində çıxan qəzet və jurnalların siyahısı çox böyük olduğundan, onlardan yalnız bəzilərinin adlarını çəkməklə kifayətlənirik: «Ulduz», «Yoldaş», «Koroğlu», «İşıq», «Çənlibel», «Qardaşlıq», «Molla Nəsrəddin», «Azadlıq», «Odlar yurdu», «Birlik», «Azərbaycan», «Muştuluq», «Azərbaycan səsi», «Dədə Qorqud», «Varlıq» və s. Bu nəşrlərin bəzisinin ömrü çox qısa olsa da, bəziləri artıq iyirmi ildən artıqdır ki, fəaliyyət göstərir.

Güney Azərbaycanda ənənəvi olaraq şeir nəsri üstələmiş, el sənətkarları onları düşündürən ağrılı-acılı problemləri, fərdin və cəmiyyətin taleyini, sevinc və kədərini mənzum sözün köməyi ilə oxucuya və dinləyiciyə çatdırmağa üstünlük vermişlər. Keçən yüzilliyin 70-90-cı illərində də bu ənənənin davam etdiyini görürük. Ancaq buna baxmayaraq, Şimaldakı ədəbiyyat örnəyi əsasında yaranan nəsr nümunələri də kifayət qədər meydana gəlmişdir. Xüsusən Şimali Azərbaycan ədəbiyyatında 60-cı illər mərhələsinin təsiri altında sosializm realizmi adlanan süni və həyatdan uzaq yaradıcılıq metodunun poeziyadan və nəsrdən getdikcə daha inadla sıxışdırıldığı, XX yüzilliyin əvvəllərində yüksək zirvəyə çatmış klassik nəsr ənənələrindən daha geniş və yaradıcı şəkildə istifadə edildiyi mərhələdən sonra Cənub nəsrinin qarşısında xalq həyatı, insan psixologiyası, insanların dərd-səri ilə daha yaxından səsləşən nəsr örnəkləri yaratmaq üçün layiqli nümunə peyda oldu.

Bu dövr nəsrinin müasir ideya-estetik tələblərə cavab vermək, cəmiyyət həyatında, gənc nəslin yeni ruhda tərbiyəsində öz qabaqcıl rolunu oynamaq baxımından hələ çox çalışmalı olduğunu Cənubi Azərbaycan ədəbiyyatının araşdırıcıları da etiraf etmişlər:

«Nəsr müasir tələblərə cavab verə bilmək üçün çoxşaxəli hadisələr aləminə baş vurmalı, ictimai tərəqqiyə xidmət edə biləcək keyfiyyətləri üzə çıxarmalı, sənətkarlığın çoxçalarlı… sirlərinə yiyələnməlidir.» (Əmirov, s. 146)

Keçən yüzilliyin səksəninci illərinin sonu və doxsanıncı illəri doğru olaraq Cənubi Azərbaycan ədəbiyyatında yeni yüksək mərhələ kimi müəyyənləşdirilmişdir. Bu da səbəbsiz deyil. Bütün dünyada gedən qlobal ictimai-siyasi proseslərin təsiri altında dünya sosializm sisteminin çökməsi nəticəsində Şimali Azərbaycanda xalqın öz milli müstəqilliyini və suveren dövlətini əldə etməsi obyektiv reallığa çevrildi. Məlum olduğu kimi, bütün bunlar ağrısız-acısız baş vermədi. Minlərlə Azərbaycan igidi torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi, xalqımızın müstəmləkə boyunduruğundan xilas olması yolunda öz canından keçsə də, əzəli Azərbaycan torpaqlarını xain qonşuların qanlı caynaqlarından qurtarmaq hələ də mümkün olmamışdır. Qarabağ yarası indi də Azərbaycanın sinəsində qan verməkdədir.

Ancaq buna baxmayaraq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Şimalla Cənub arasında istər siyasi və iqtisadi, istərsə də ədəbi-mədəni əlaqələrin xeyli genişlənməsi bütövlükdə Cənubi Azərbaycan ədəbiyyatının inkişafına da güclü təkan vermiş oldu. Lakin əvvəlki mərhələlərdə olduğu kimi, burada da biz daha çox mənzum janrın, poetik örnəklərin inkişafından və sayca zənginləşməsindən danışa bilərik. Nəsrə gəldikə isə onun sanbalca inkişafında və sayca zənginləşməsində müəyyən problemlərin olduğunu görürük ki, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bunların arasında ən başlıcası kimi, xüsusən səksəninci illərin ikinci yarısından başlayaraq totalitar rejimin güclənməsi, müəyyən mövzuların bədii ədəbiyyata gətirilməsinə, onların problem səviyyəsinə qaldırılmasına qadağalar qoyulması, senzuranın güclənməsi, bəzən rəsmi dairələr tərəfindən aktual həyat həqiqətlərinin olduğu kimi bədii inikas etdirilməsi yolunda maneələr yaradılmasını və s. göstərmək olar.

Ancaq Cənub nəsri bu çətinlikləri aradan qaldırmaq və həqiqi sənət inciləri yaratmaq yolunda bütün səy və bacarığını səfərbər etməkdədir. Bunun nəticəsi kimi bu illərdə Əhməd Azərlunun «Onlar kimlərdir?», İsmayıl Hadinin «Dumanlı günlər», Elçinin «Hanı o dəlilər?», Mir Hidayət Həsarinin «Əli və Mərcan», Ə. Ağçaylının «Aydının ölümü», B. İftixarinin «Bir gecənin qəmli xatirəsi», Yorğanəlinin «Öldü var, döndü yox», M. Ocaqverdinin «Əshabi-kəhf yuxusu», Savalanın «Qızılgül ilə şeh» hekayələri qələmə alınmış və bütövlükdə götürüldükdə bir sıra uğurlu nəticələr əldə edilmişdir.

Müxtəlif mövzulara həsr edilmiş bu hekayələrdə bəzən nisgilli lirik duyğuların tərənnümü, bəzən satirik üslubun tikanları, faciəli insan talelərinin aqibəti yazıçıları düşündürmüş, onları qələmə sarılmağa və narahatçılığını çəkdikləri problemlərin həlli yollarını oxucularla bölüşməyə vadar etmişdir.

Bu dövrün nəsrində hekayə ilə yanaşı, irihəcmli epik örnəklər yaratmaq ənənələrinin davam etdirilməsi ilə də qarşılaşırıq. Bu baxımdan İsmayıl Hadinin «Laçın» və Nasir Mənzurinin «Qara çuxa» romanları tədqiqat üçün kifayət qədər material verir.

İsmayıl Hadinin «Laçın» romanı ۱۳۷۰ (۱۹۹۱)-ci ildə Tehranda çap olunmuşdur. Bu, öz mövzusuna görə müasir həyatdan bəhs edən bir əsərdir. Romanın qəhrəmanı, bəlkə də ideal insan adlana biləcək gənc bir azərbaycanlıdır. Bu baxımdan romanı müəyyən qədər milli iftixar motivlərini özündə ehtiva edən və bu duyğuları gənc nəslə aşılamaq məqsədi güdən bir əsər kimi də qiymətləndirmək olar.

Nasir Mənzurinin «Qaraçuxa» romanı «Laçın» romanından üç il sonra – ۱۹۹۴-cü ildə Tehranda nəşr olunmuşdur. Azərbaycan xalqı arasında «Qaraçuxa» kiminsə oyaq bəxti mənasında işlənir. Bu simvolik məna çalarından uğurla istifadə edən yazıçı, ayıq-sayıq, bilikli, görüb-götürmüş, müdrik bir azərbaycanlı ağsaqqal ilə bir gənci yol yoldaşı edir və onlar yol boyu müxtəlif mövzularda maraqlı söhbətlər aparırlar.

Romanda Qaraçuxa missiyasını səksən yaşı çoxdan ötmüş, ancaq ağlı-huşu, dərrakəsi, fərasəti yerli-yerində olan İlqar əmi yerinə yetirir. Onun yaşı doxsanı haqlasa da, ictimai və siyasi hadisələrdən yaxşı baş çıxaran, xeyiri şərdən, yaxşını pisdən ayırmaqda gözü tərəzi olan, öz yurdunun, vətəninin, torpağının, el-ulusunun tarixini yaxşı bilən, keçmişindən, bu günündən xəbərdar olan bir el ağsaqqalıdır.

Əsərdə diqqəti çəkən problemlərdən biri də Şimali Azərbaycanda xalqın bu gün üzləşdiyi qaçqınlıq, didərginlik, sürgün həyatı, doğma torpaqların itirilməsi faciəsidir. Nasir Mənzuri sanki bütöv Azərbaycan xalqının şimallı-cənublu müxtəlif dövrlərdə yaşadığı bu faciəni qələmə almaqla, xalqı ayıq-sayıq olmağa, Qaraçuxasını – bəxtini yatmağa qoymamağa, hiyləgər və amansız düşmənlər qarşısında tədbirli, uzaqgörən, ehtiyatlı və diqqətli olmağa, baş verən faciələrdən ibrət götürməyə çağırır.

Romanın dili də özünəməxsus və orijinaldır; mənsur şeirlə səcli nəsr arasında keçid mövqeyi tutması ilə klassik Azərbaycan nəsrinin, xüsusi halda böyük Füzuli nəsrinin bədii dil ənənələrini bir növ davam etdirir. Bu baxımdan müdrik ağsaqqal İlqar əminin şirin-şəkər el dilində sürgün problemi haqqında daldığı düşüncələrin poetik dili maraq doğurur:

«Sürgün bu torpaqdadı. Sürgün adamın canındadı. Sürgün sürgünü yaradandadı. Sürgün sürgünü buyurandadı. Sürgün sənin canındadı. Sürgün mənim canımdadı. Bir zaman tək-tək olar. Bir zaman var, bilinməz. Bir zaman var, adamın canına dağlar basar. Böyük bir yara olar sürgün. Böyük bir tapmaca olar sürgün. Başa çatmaz sürgün. Həzin bir ürək qorxusu olar sürgün. Zamanlarda axar sürgün.» (Mənzuri N. Qaraçuxa. Tehran: 1994, s. 72.)

Adi gözlə də bu parçada «Kitabi-Dədə Qorqud» dilinin şirinliyini, rəvanlığını, axarlığını, aydınlığını, duruluğunu, səlisliyini sezməmək olmur. Sürgün anlayışı haqqında xalq düşüncəsinin yazıçı fəlsəfəsi ilə qaynayıb qovuşması da bu anlamın tutumunu genişləndirir, onu ictimai və siyasi bir aksiyadan daha çox insanların və insan qruplarının psixologiyalarını formalaşdıran bir daxili yaşantı, içimsəl hərəkatla müqayisə etməyə imkan verir.

Əsərin sonunda xalq taleyinin simvolu olan İlqar əmi – Qaraçuxa, xalqın simvolu olan yolçu ilə vidalaşıb getdikdən sonra yaranan məyusluq – ümidsizlik təsiri bağışlamır; yatmış bəxtin nə zamansa oyanacağı, Qaraçuxanın nə vaxtsa qayıdacağı  və xalqa yol göstərəcəyi barədə nikbin düşüncələr doğurur.

 

ƏDƏBİYYAT:

 

  1. Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963,s. 236
  2. Əmirov Sabir Cənubi Azərbaycan milli demokratik ədəbiyyatı (۱۹۴۱-۱۹۹۰) s. 146
  3. Mənzuri N. Qaraçuxa. Tehran: 1994 s. 72

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir